Coğrafiya (yun.γεωγραφία, yerin təsviri, γεια – Yer, torpaq və γραφειν – yazmaq, təsvir etmək) — təbii və istehsal ərazi komplekslərini və onların komponentlərini tədqiq edən təbiət və ictimai elmlər sistemi. Təbiət və ictimai coğrafiya elmlərinin vahid sistem şəklindəki birliyi.
İlk əvvəl coğrafiya Yer haqqında ensiklopedik elm olmuşdur. Diferensasiya prosesində birinci növbədə iki əsas qola ayrıldı: fiziki coğrafiya və iqtisadi coğrafiya. Bunun səbəbi həmin elimlərin öyrəndiyi obyektlərin müxtəlifliyi idi. Fiziki coğrafiya təbiət elmlərinin kəşf etdikləri qanunları rəhbər tutur, iqtisadi coğrafiya isə ictimai elmdir. İqtisadi coğrafiya ictimai istehsalat-sənayeni, kənd təsərrüfatını, həmçinin əhalini, onların yerləşməsini və istehsalat-ərazi komplekslərini öyrənir. İqtisadi coğrafiya da fiziki coğrafiya kimi ümumi və regional hissələrə ayrılır.
Coğrafiya elmləri sisteminə həmçinin kartoqrafiya daxildir. Bu elm texniki elmdir, lakin o, coğrafiyanın inkişafına səbəb olmuş, hətta bəzən onu qabaqlamışdır. Onun əsas məqsədi təbiət obyektlərinin, hadisələrinin və cəmiyyətin məkanca yerləşməsini, uyğunlaşmasını, qarşılıqlı əlaqəsini, dəyişməsini əks və tədqiq etməkdən ibarətdir.
Antarktida — Yerin ən cənub materiki və qitəsi. Antarktida tamamilə Cənub yarımkürəsində yerləşir və Cənub okeanı ilə əhatə olunub. Ərazisi 14,4 milyon kv.km-dir ki, bu da Antarktidanı Yerin ərazisinə görə 5-ci ən böyük materiki edir. Bu ölçüsünə görə o Avstraliyadan təxminən iki dəfə böyükdür. Materikin 98%-i orta qalınlığı 1,6 km olan buz layı ilə örtülüb.Bir kvadrat kilometrə 0,00008 nəfər düşən qitə insanların dünyada ən az məskunlaşdığı yerdir.
Antarktida bütün materiklərin ən soyuq, ən quru, ən küləkli və ən yüksək olanıdır və çox az yağıntılar səbəbindən materikin daxili hissəsi texniki cəhətdən dünyanın ən böyük səhrasıdır. Materikə il ərzində 20 santimetr yağıntı düşür. Materik bütün qitələrin ən yüksək orta yüksəkliyinə malikdir.
Ameriqo (Ameriko) Vespuççi (it.Amerigo Vespucci, lat.Americus Vespucius; 9 mart1454, Florensiya, Florensiya Respublikası — 22 fevral1512, Sevilya, İspaniya) — florensiyalı səyyah, adı ilə Amerika qitəsinin adlandırıldığı ehtimal olunur. Amma digər bir fərziyyəyə görə o, artıq özünü mövcud qitənin şərəfinə bu cür adlandırıb. Xristofor Kolumbun "Amerika"nı kəşf etməsi portuqalları ciddi narahat etməyə başladı. Verdikləri "hədiyyəni" geri qaytarmaq bir nömrəli problemə çevrilmişdi. Lakin ispanlar Amerika qitəsini şimallı-cənublu öyrənməkdə davam edirdilər. Yeni Dünyanın tədqiq edilməsində artıq Ameriqo Vespuççi görkəmli şəxsiyyət sayılırdı. Yazılarına əsaslansaq o, 4 dəfə – 1497, 1499, 1501, 1503-cü illərdə Amerikada olmuşdur.
Əyri meşə (pol.Krzywy Las, ing.Crooked Forest) — Polşada qeyri-adi təbiət abidəsi; Polşanın şimal-qərbində yerləşən əcaib formalı şam ağaclarından ibarət meşə. Bu meşənin məşhur olmasının səbəbi isə buradakı ağacların maraqlı gövdələridir. 1,7 hektarlıq sahəni əhatə edən meşədə ağacların gövdələri yerdən təxminən 25 santimetr hündürlükdə və yalnız şimal istiqamətində 90 dərəcə əyilir, daha sonra isə yenidən düzləşir. Ağacların bu cür inkişaf etməsinin səbəbini bu günə qədər heç kim bilmir.